Fələstinin “üzv olmayan dövlət” statusu üçün BMT-yə müraciəti qəbul edilsə, müzakirələr asanlaşar.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu deyib.
O bildirib ki, İƏT-a üzv olan 56 ölkə BMT-dəki səsvermədə bu müraciətin lehinə səs verəcək. Keçən il noyabrda Fələstin UNESCO-ya üzv oldu və bu səsvermə zamanı da İƏT üzvü ölkələr tam dəstəkləyəcək. Fələstinin bu dəfə daha çox səs toplayacağına inanırıq.
Onun sözlərinə görə, bəzi qərb ölkələri Fələstinin BMT-yə müşahidəçi dövlət statusu ilə üzv olmasının müzakirələrə maneə törədəcəyi qənaətindədirlər. Halbuki bu üzvlük müzakirələri asanlaşdıracaq: "BMT Baş Assambleyasındakı səsvermənin Fələstinin lehinə nəticələnəcəyinə inanıram".