Aprelin 28-də bütün dünyada olduğu kimi Azərbaycanda da pravoslavlar müqəddəs Pasxa bayramını qeyd ediblər. Həmin gün mömin xristianlar müqəddəsləri qarşısında borcların yerinə yetirmək üçün paytaxtın xristian məbədlərinə axışıblar.
Bu bayram provaslav bayramları arasında özünəməxsus yer tutur. "Pasxa" sözü yunan dilindən tərcümədə "qurtuluş", "azad olma" mənasını verir. Pasxa xristianlığın ilk əsrlərindən qeyd olunur. Deyilənlərə görə, bayramın ilk keçirilmə tarixi eramızın 1-ci əsrinin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəlinə təsadüf edir. Bayramın əsas şərtlərindən biri kimi mömin xristianlar məbədə, kilsəyə toplaşır, müqəddəslərin ruhlarına dualar oxuyur. Pasxanın qeyd olunduğu bazar gününə qədər bütün həftə "Müqəddəs Allahın ehtiraslar və iztirablar həftəsi" adlanır.
Qeyd edək ki, bayram ərəfəsində mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir və onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırır. Müsəlmanların orucluq və qurban bayramlarında olduğu kimi, pasxada da kimsəsizləri, imkansızları sevindirmək bayramın vacib elementlərindən sayılır.