"Cənubi Qafqaz regionunun din xadimləri hələ də çətin situasiyalarla üzləşməkdədirlər". Bu fikirləri Roma Papası XVI Benedikt Azərbaycan, Gürcüstan və Ermənistandan olan katolik ruhani xadimlərlə görüşdən sonra söylədiyi ənənəvi həftəlik moizəsində deyib.
Cənubi Qafqaz bölgəsini təmsil edən din xadimləri Vatikanda beş günlük səfərdədir. Azərbaycanı bu səfərdə katolik kilsəsinin rəhbəri Yan Çapla təmsil edir. Roma Papası SSRİ-nin süqutundan bölgədə tərəqqiyə doğru əhəmiyyətli sosial dəyişikliklərin baş verdiyini bildirib: "Amma yenə də çətinliklər qalmaqdadır. Bölgədə çoxlu sayda yoxsul insan var, işsizlik və qaçqınların problemləri həll olunmamış qalıb". XVI Benedikt Cənubi Qafqazı müxtəlif dinə tapınan insanların dinc yanaşı yaşadığı region kimi xarakterizə edib. O, Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu müsbət qiymətləndirib.