ABŞ-ın dövlət strukturlarına tövsiyə olunub ki, bundan sonra terrorçuluğa qarşı müharibədən danışılarkən "mücahid" və "cihad" ifadələrindən istifadə olunmasın. Məlumatı Associated Press agentliyi yayıb. Vaşintonda hesab edirlər ki, terrorçuların bu ifadələrlə təqdim olunması onların müsəlman ölkələrində nüfuzunu artırır. Çünki bu terminlər müsbət dini çalar daşıyır.
ABŞ Milli Təhlükəsizlik Nazirliyi Amerika müsəlmanları arasında hakimiyyətin terrorla mübarizəni təsvir etmək üçün istifadə etdiyi "mücahid" və "cihad" terminləri ilə bağlı araşdırma aparıb. Nəticələr "Terrorçuların müəyyənləşdirilməsi terminologiyası: Amerika müsəlmanlarının tövsiyələri" (Terminology to Define the Terrorists: Recommendations from American Muslims) adlı hesabatda əks olunub. Milli Antiterror Mərkəzi də diplomatlardan xahiş edib ki, danışıqlarına diqqət etsinlər. Çünki bu, seçilmiş ifadələrin geniş auditoriya tərəfindən qəbulu baxımından çox vacibdir.
"Mücahid" sözünün əvəzinə "terrorçu" və ya "təcavüzkar ekstremist" terminlərindən istifadə məsləhət görülür. Bundan başqa, əksər müsəlmanların mənfi qəbul etdiyi "islam faşizmi" kimi təhqir terminlərindən istifadənin yolverilməzliyi də qeyd olunur. Terrora qarşı mübarizə ilə bağlı təşviqat tədbirləri üçün təklif olunur ki, "Əl-Qaidə" liderlərinin çıxışlarına reaksiyalar azaldılsın. Belə ki, onların bəyanatlarına "Ağ ev"dən verilən reaksiya müsəlman aləmində terror şəbəkəsi liderlərinin hörmətini artırır.