Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzzaya hücum edən İsraili terror dövləti olmaqda günahlandırıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, o, Avrasiya İslam Şurasındakı çıxışı zamanı İsrail rəhbərliyini tənqid atəşinə tutub.
Dünyanın Qəzzada yaşanan hadisələrə laqeyd yanaşdığını vurğulayan R.T.Ərdoğan deyib: "İsrail terror dövlətidir. Qəzzada baş verənlərə qarşıdurma demirəm, bu, müharibədir. Hücumlar dörd gündür davam edir. Qəzzada son məlumata görə, 94 nəfər həlak olub, 700-dən çox insan yaralanıb. Görüşdüyümüz liderlərin məsələyə yanaşması çox maraqlıdır. “İsrail özünümüdafiə hüququndan istifadə edir” deyirlər. Bu, necə ədalətdir? Suveren qüvvələr haradadır? İsrail olduğu üçün heç kim onu sorğu-sual etmir”.