Cibutidə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyası keçirilir.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, iclası açıq elan edən İƏT baş katibi Ekmələddin İhsanoğlu İsrailin Qəzza sektoruna növbəti təcavüzünü pisləyib və BMT Təhlükəsizlik Şurasını məsələyə müdaxilə etməyə çağırıb.
Onun sözlərinə görə, İsrailin qanunsuz blokadası Qəzza sektorunun sosial-iqtisadi bərpasına mane olmaqla bəşəriyyət əleyhinə cinayətdir və dərhal dayandırılmalıdır. Baş katib Suriyada qan axıdılmasını dayandırmağa və problemi sülh yolu ilə həll etməyə də çağırıb.
E.İhsanoğlu İƏT-in büdcəsinə 3 mln. dollar könüllü ianə etdiyinə görə Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətlərinə təşəkkür edib.
Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.