"Biz silah, top, təyyarə istehsal edən ölkəyə çevrilmişik".
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Müdafiə Sənayesi Nazirliyinin "Altay" Milli Tank layihəsi çərçivəsində istehsal edilən ilk tankının prototipinin təqdimat mərasimində iştirak edib. Tədbirdəki çıxışında “Altay” layihəsi ilə müdafiə sənayesində böyük yeniliyə imza atdıqlarını vurğulayan R.T.Ərdoğan deyib: “Bu gün bununla qürur duyuruq. Tanklar hazırlayıb istehsal edən ölkələr arasına daxil olduq. Bu layihə dünya müdafiə liqasında yüksəlməmizə çox kömək edəcək. 78 ay ərzində görüləcək işlər 46 ayda tamamlandı. 2013-ci ildə tanklar üzərində sınaqlar keçiriləcək. Testlər tamamlandıqdan sonra ardıcıl istehsal prosesi başlayacaq. Biz dünyada heç bir ölkəyə qarşı düşmən mövqe tutmuruq. Ancaq bizim yaxşı niyyətimizi heç kim passivlik, utancaqlıq olaraq qəbul etməsin. Əlbəttə, qurulan tələlərin görürük. Güclü ordumuzla vaxtı çatanda cavab verməkdən də çəkinməyəcəyik”.