Tarixi mənbələrə görə Sultan Mehmet Fateh İstanbulu fəth edəndə ordunun önündə gedənlər sufi dərvişlər olub. Dünya ilə bağlarını qoparmış, “dünya malından əlinə gələnlərə görə sevinməyib, əlindən çıxanlara kədərlənməyən” (Həzrət Əlinin (ə) zahidlik haqda tərifi – K.) bu insanlar İslamiyyətin dönüş nöqtəsi, tarixi bir savaşda öndə olmağı seçirlər.
Çünki o gün məscid və ya təkkədə “xəlvətə” çəkilməyin adı yox idi. Dözüşüb bu bu tarixin axarını dəyişəcək hadisədə iştirak etmək dini bir vəzifə idi həm də. Tarixçilərə inansaq, Fatehin ordusunun önündə gedən dərvişlər döyüşün qələbə ilə başa çatmasında mühüm rol oynayıblar. Xəlvətilər, yəsəvilər, bayramilər, qələndərilər və sair. Buna görə də İstanbul sonrakı tarixdə sufilərin şəhəri olub. Sultanlar bu xidməti unutmayıblar. Allah yolunda edilənləri unutmaq olmaz...
Tarixdə bu nümunlər kifayət qədərdi. Böyük risqlər zamanında, din təhlükəyə düşəndə dərvişlər təkkələrdən, zahidlər məscidlərdən çıxır, əllərinə silah götürüb mübarizə meydanına atılırdılar. Liviyada ötən əsrin əvvəllərində İtaliya işğaına qarşı mübarizə aparan Ömər Muxtar Sənusi təriqətinin şeyxi idi. Sonuna qədər döyüşdü və şəhid oldu. Zahidlik, abidlik hər nə qədər dini dünyagörüşü, daha dərin düşündükdə, dünyadan üz çevirmə, maddi dünya ilə bağlarını qoparmadırsa da, bir həddə çatanda artıq vəzifələr dəyişir. Din adamlarının (hansı statusda olmasından asılı olmayaraq) da üzərinə vəzifə gəlir. Əslində bu, sadə göründüyü qədər də mürəkkəb və ilahi qanunlara bağlı bir məsələdir.
Bu qeydlər ötən həftə həbsən çıxmış Hacı Talenin yazdığı bir cümlədən sonra ortaya çıxdı. Keçmiş hicab məhbusu yazır ki, “indi ariflər məscidlərdə olmur, meydanlarda əllərində qələm mübarizə aparırlar”. Maraqlı fikirdi. Bu gün Azərbaycanda çoxlu sayda ruhani həbsdədir. Həbsdə olmayıb mübarizəyə çağıranlar da var. Məqsəd aydındır, Azərbaycanda din sahəsində probemlər və və qadağalar var. Bunu artıq heç kim inkar etmir. Bu gün həbsxanada olan ruhanilər bu problemləri dilə gətirdikləri, mübarizəyə çağırdıqları üçün həbsxanadadırlar. Halbuki onların yeri məscid, mədrəsə, hüseyniyyədir. Vəzifələri isə İslamı öyərtmək, insanları doğru yola, yalandan, qeybətdən, rüşvətdən, cinayətlərdən uzaq olmağa səsləməkdir. Amma onar həbsxanadadırlar. 5 il əvvəl Hacı Mövsüm İslam Partiyasının sədri seçiləndə yaxın ətrafı belə təəccüblənmişdi. Onu tanıyanların bir çoxu indi də təəccüb içindədirlər. Həkimliyi atıb, dini öyrənən Hacı Mövsüm partiya sədri olana qədər, elə ondan sonra da gününü məsciddə - etikafda keçirirdi. Bir çoxlarının günahlardan, hətta cinayətdən, intihardan çəkinməsində Hacı Mövsümün rolu olduğu deyilir. Partiya sədri olana qədər Hacı Mövsüm bir abid idi. Amma sonra hər şey dəyişdi, indi partiya sədri kimi o qarşıdakı 10 ilini həbsxanada keçirəcək.
Əslində günün sualı budur. Dindarlar niyə meydandadır? Bu suala cavab tapılmalıdır. Daha doğrusu bu sualın cavabı da mövcuddur. Bu səbəblər aradan qaldırılmalıdır. O zaman nə səmimi olaraq dini haqlarını qorumaq istəyən dindar meydanlara çıxacaq, nə bundan Azərbaycan dövlətinə qarşı istifadə etmək istəyənlərə bəhanə veriləcək. Bu ölkənin başbilənləri düşünməlidir ki, illərdir işsiz qalan, qiymət artımına, qazının, işığını kəsilməsinə, çörəkpuluna beə möhtac qalmasına səbr edən, buna görə küçələrə çıxıb hakimiyyətə etiraz etməyən insanları birdən birə meydanlara atan səbəblər aradan qaldırmaq lazımdır. O zaman hər kəs öz yerində, olmalı olduğu yerə qayıdacaq.
Kənan Rövşənoğlu
(musavat.com)