İran–Ermənistan sərhəddində su elektrik stansiyasının (SES) inşasının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu İran-Ermənistan sərhədində inşa olunan SES barədə Azərbaycanda nəşr olunan qəzetlərdə bəzi sualların gündəmə gətirilməsi ilə əlaqədar, İranın Bakıdakı səfirliyinin mətbuat katibi Seyyid Məhəmməd Ayətullahi bildirib.
O deyib ki, iki hissədən ibarət olan SES İran-Ermənistan sərhədi istiqamətində, Araz çayının Ermənistan- Naxçıvan sərhəd nöqtəsindən sonrakı və Azərbaycanın işğal olunmuş ərazilərinə çatmamış hissəsində inşa edilir və Qarabağ bölgəsi ilə heç bir əlaqəsi yoxdur.
M.Ayətullahi vurğulayıb ki, Araz çayının suyu SES-in turbinlərini çalışdırdıqdan sonra yenidən Araz çayına qayıdacaq və bu da çayın suyunun azalmasına yaxud da suyun çirklənməsinə heç bir təsir göstərməyəcək. Ermənistanın “Mehri” adlanan ərazisində və İranın “Qaraçılar” ərazisində iki SES-in inşa layihəsi İranın Energetika Nazirliyi tərəfindən hazırlanıb. İran-Ermənistan-Naxçivan müştərək sərhəd nöqtəsində “Mehri” layihəsinin icrası çərçivəsində 130 meqavat gücündə olan SES-in işə salınması üçün suyun 18 km-lik kanala axıdılması nəzərdə tutulub. Başqa hissədə isə İranın “Qaraçılar” adlanan ərazisində Ermənistanla olan müştərək sərhəddə “Qaraçılar” SES-in işə salınması üçün suyun 17 km uzunluğunda olan kanala axıdılması planlaşdırılır.