Obama yenidən ABŞ prezidenti seçildi. Bu nə deməkdir? Təbii ki, hər ölkə, hər insan üçün fərqli bir şey. Bizi daha çox bu nəticənin İslam ölkələrinin taleyində nə kimi iz buraxacağı maraqlandırır.
Artıq ikinci dəfə Ağ Evə sahiblik edəcək Barak Obama seçkiqabağı çıxışlarının birində qazandığı uğurları sadaladı: İraqda müharibə sona çatıb, Əfqanıstanda çatmaq üzrədir, Üsamə bin Laden öldürülüb, “Əl-Qaidə”, demək olar ki, zərərsizləşdirilib. Amma nədənsə, bu “uğurlarını” müşayiət edən günahsız insanların qətlindən, yaşayış məntəqələrinə endirilən raket zərbələrindən, viran qoyulan şəhərlərdən söz açmadı. Digər maraqlı məqam: Obamanın çıxışlarını dinlədikdə belə qənaətə gəlmək olar ki, ABŞ-ın ilk qaradərili prezidentinin uğurlarının əsas səbəbkarları məhz İslam ölkələridir. Obama “sücaətini” və “demokratlığını” əsasən müsəlmanlara nümayiş etdirib. Bəlkə də okeanın o tayında düşünürlər ki, müsəlman ölkələrinə demokratiya məhz pilotsuz təyyarələrin və raketlərin qanadında gətirilməlidir. Son illərin hadisələri belə qənaətə gəlməyə əsas verir. Bəs müsəlman ölkələri nə düşünürlər?
Zahirdə birlikdən, vəhdətdən danışılsa da, əslində hərə “yorğanı öz üstünə çəkməkdədir”. Sözsüz ki, amerikalıların planetin istənilən guşəsinə istədikləri zaman istədikləri həcmdə “demokratiya ixrac etmək” hüququna malik olduqlarını özləri üçün qətiləşdirmələri ürəkaçan hal deyil. Amma görəsən ABŞ İslam dövlətlərinə raket və bomba zərbələrini nə üçün məhz demokratiya pərdəsi altında endirir? Nə üçün müsəlmanlara silah gücünə gender bərabərliyi, sağlam qidalanma, milli-mənəvi dəyərlərə hörmət və s. aşılanmır, qətllərə, təcavüzlərə məhz demokratiya, daha dəqiq isə onun olmaması bəhanə göstərilir? Etiraf etməliyik: bəli, bu gün faktiki olaraq İslam dünyasında heç bir ölkə demokratik cəmiyyətə sahib olması ilə öyünə bilməz. Qətiyyən ABŞ və ya Avropanın mütləq şəkildə demokratik zirvələri qət etdiyini söyləmək istəmirəm (hətta bu belə olsa da, hansısa dövlətin digərinə təcavüzünə bəraət qazandıra bilməz). Ancaq hər şeyin əsl dəyəri müqayisə zamanı üzə çıxır.
Təəssüf ki, bu müqayisə müsəlmanların xeyrinə deyil. Həqiqətən də, İslam ölkələrinə nəzər saldıqda müxtəlif hadisələri, mənzərələri müşahidə etmək mümkündür. Lakin bu çoxsaylı olaylar sırasında demokratiyaya bənzər çox az şey tapmaq mümkündür. Maraqlıdır ki, müsəlman dövlətlərində müxalifətdə olan, iqtidardan demokratiya tələb edən qüvvələrin əksəriyyəti də bir xilaskar kimi məhz Birləşmiş Ştatları görür. Amma yaxın tarixə nəzər salsaq görərik ki, ABŞ hələ heç bir xalqı səadətə qovuşdurmayıb. İraq, Əfqanıstan, Misir, Liviya və daha neçə-neçə müsəlman məmləkəti okeanın o tayından gələn müdaxilədən sonra hələ də özlərinə gələ bilməyiblər və yaxın zamanlarda çətin ki, gəlsinlər. Odur ki, iqtidarlı-müxalifətli bütün İslam dünyasının siyasətçiləri özləri üçün qətiləşdirməlidirlər: ABŞ-dan nəsə yaxşı bir şey gözləməyinə dəyməz. Əbəs yerə deməyiblər ki, Amerikanın daimi dostları olmur, daimi maraqları olur.
Ola bilsin ki, hansısa bir qrup bu gün Ağ Evə sərf etdiyi üçün kefi kök yaşayır. Amma artıq sabah okean üzərindən əsən yellər səmtini dəyişə bilər və o zaman bu gün taxta olanlar Hüsnü Mübarəkin taleyini yaşamaqdan yaxa qurtara bilməyəcəklər. Bir sözlə, imkanlar çərçivəsində ABŞ-ən əlində kozır etdiyi demokratiya ixracını zərərsizləşdirmək lazımdır (Təbii ki, bunu qəti şəkildə etmək çətindir. Dünyada İran kimi nadir dövlət tapılar ki, Birləşmiş Ştatlara açıq-aydın meydan oxusun. Yəni Ağ Ev istənilən məqamda hansısa 2-ci dərəcəli ölkənin müqəddəratının dəyişdirilməsi haqqında fərman verə bilər). Necə? Əlbəttə ki, demokratik islahatlarla, xalq və iqtidar arasında uçurum yaratmamaqla. Ağ Evə kimin sahiblik etməsinin isə elə də ciddi əhəmiyyəti yoxdur. İstər demokrat olsun, istər respublikaçı, istər ağdərili olsun, istər qaradərili – həmişə ABŞ-ın və müttəfiqlərinin maraqlarına xidmət edəcək. Bu maraqlar isə, hansı rakursdan baxırıqsa baxaq, əsasən müsəlmanların maraqları ilə ziddiyyət təşkil edir. Artıq anlamaq zamanı çatıb: Birləşmiş Ştatlar ancaq Amerika və İsrailin mənafelərinə xidmət edən dəyərləri ixrac edə bilər. Bu bəla artıq İraq, Əfqanıstan və bir sıra sair müsəlman dövlətlərinə sirayət edib. Və nə qədər ki, bu yoluxucu, öldürücü xəstəlik digər ölkələrə yetişməyib, əməli tədbirlər görmək, xalqın boğazındakı düyünü heç olmasa bir qədər boşaltmaq lazımdır.