Azərbaycanda keçirilən sorğunun nəticələrinə görə, əhalinin ümumən 95%-i dünyəvi dövlət modelini dəstəkləyir.
İslam.az-ın xəbərinə görə, bu, Strateji Araşdırmalar Mərkəzinin (SAM) keçirdiyi "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda aparılmış sosioloji sorğunun nəticələrinə həsr olunmuş tədbirdə bildirilib.
Sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 50,7%-i İslam dininin minimal təsiri olan, 30,7%-i müəyyən dərəcədə təsiri olan, 13,6%-i isə əhəmiyyətli dərəcədə təsiri olan dünyəvi dövlətin olmasını istəyir. Respondentlərin yalnız 5%-i ölkədə tam dini dövlətin qurulması arzusunda olduğunu açıqlayıb.