Noyabrın 8-də Londonda, Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyətinin və "Odlar Yurdu" qurumunun təşkilatçılığı ilə "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans keçirilmişdir.
Konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
İslam.az xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin Britaniyanın siyasi və akademik elitasına təqdim etməkdir.
London konfransının tolerantlıq mövzusunda Azəraycandan xaricdə ilk dəfə belə nüfuzlu səviyyədə keçirilən tədbir oldugunu vurgulayan DQİDK sədri Elşad İskəndərov qeyd etmişdir ki, konfransın digər özəlliyi ölkəmizin dinlərarası dialoq sahəsindəki təcrübəsinin Avropada multikulturalizm diskussiyası kontekstində müzakirə olunması və məhz Azərbaycan modelinin Avropada tətbiqi məsələsinin müzakirəsinin xüsusi önəm daşıdığını vurğulamışdır.
İslam Konfransı Gənclər Forumunun mədəniyyələrarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda məruzə ilə çıxış etmişdir.
Konfrans iştirakçılarını salamlayan Leyla Əliyeva müasir Avropada multikulturalizm problemi prizmasında tədbirin əhəmiyyətini qeyd etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsaslarına geniş toxunmuş, bu sahədə mövcud olan elmi yanaşmalar barədə ətraflı danışmıdır. Leyla Əliyeva bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu vurğulamışdır. Daha sonra natiq dini tolerantlığın Azərbaycanda dərin kökləri, tarixi və bu sahədə hazırkı durum barədə məlumat vermişdir.
Konfransın birinci plenar iclasında çıxış edən tarix elmləri doktoru Fəridə Məmmədova, elmlər dokrtoru Moşe Bekker və Dini Araşdırmalar Mərkəzinin təsisçısı Elçin Əsgərov Azərbaycanda islamın, yəhudiliyin, və xristianlığın tarixi barədə məruzələrlə çıxış etmişlər.