Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür. İslam.az-ın məlumatına görə, "Mübahilə” günü, müsəlmanlar haqqın batil üzərində növbəti qələbəsini qeyd edirlər.
Bekə ki, hicri 10-cu ildə, Hz.Peyğəmbərlə (s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərirlər. Bu heyət Hz.Rəsuli-Əkrəmlə (s) mübahisə edir və tutarlı dəlillərə rəğmən, yenə də Peyğəmbərin (s) peyğəmbərliyini qəbul etmirlər. Hz.İsanın (ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirlər.
Peyğəmbərin (s) dəlilləri müqabilində yenə də təəssübkeşlik edən məsihilər barədə Hz.Rəsuləllaha (s) ayə nazil olur: “(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. ("Ali-İmran", 61)
Bu ayə tarixə “Mübahilə” ayəsi kimi düşüb. Mübahilə kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir.