İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamenei oktyabrın 31-də “Bəsic” (hökumət tərəfdarlarından ibarət könüllülər dəstəsi) təşkilatına üzv olan orta məktəb şagirdləri və tələbələrlə görüşüb.
“Media forum” saytının məlumatına görə, hakimiyyətdaxili münaqişələri qınayan Xamenei İran prezidenti Mahmud Əhmədinejada və Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə aralarındakı ixtilafı ictimaiyyətə çıxarmamaları barədə xəbərdarlıq edib: “Mən onlara xəbərdarlıq edir, onların öz işləri ilə məşğul olmalarını istəyirəm. Onlar arasındakı son məktublaşmalar və bu məktublardakı söhbətlər o qədər də önəmli məsələ deyil. Lakin onlar elə etməlidirlər ki, bu kiçik ixtilaflar və problemlər cəmiyyət içinə, xalq arasına gedib çıxmasın. Onlar xarici medianın, əcnəbi düşmənlərin bu hay-küydən, onların hərəkətlərindən sui-istifadə etməsinə imkan verməməlidirlər.
Bütün rəsmilər ölkənin indiki həssas şəraitini nəzərə alaraq məsuliyyətli olmalıdırlar. Düşmənin ölkəyə nüfuz etmək üçün istifadə etdiyi hiyləgər üsullardan biri elə həmin ixtilaflardır. Hamı çalışmalıdır ki, bu ixtilaflar minimuma endirilsin. Bu gündən növbəti prezident seçkisi gününə qədər kimsə ixtilafları qızışdırıb onun xalq arasında yayılmasına və müəyyən məqsədlər üçün istifadə olunmasına çalışsa, sözsüz ki, o, ölkəyə xəyanət etmiş şəxs kimidir”.
Mahmud Əhmədinejad oktyabrın 20-də Sadıq Laricaniyə məktub yazaraq Tehranın Evin zindanında görüş keçirilməsi üçün ona şərait yaradılmasını istəyib. İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei oktyabrın 21-də jurnalistlərə açıqlamasında Əhmədinejadın qurum rəhbərliyinə məktubuna mənfi cavab verib: "Hazırda ölkənin əsas problemi bahalıq, inflyasiya, sanksiyalar və valyuta bazarında yaranmış gərgin vəziyyətdir. Məhz bunu nəzərə alaraq hesab edirik ki, görüşün belə şəraitdə keçirilməsi mümkün deyil. Biz bunu məqsədəuyğun saymırıq. Bu gün bizim əsas səyimiz və tövsiyəmiz növbəti prezident seçkisi ərəfəsində ölkədə sabitliyi qoruyub saxlamaqdır. Hamımız buna çalışmalıyıq”.
Əhmədinejad oktyabrın 22-də Laricaniyə məktub yazaraq onun Evin zindanında görüş keçirməsinə mane olmasına kəskin cavab verib: “Ölkə konstitusiyasında prezidentin öz qanuni vəzifəsini yerinə yetirməsi üçün Məhkəmə Sistemi rəisindən icazə alması nəzərdə tutulmayıb. Məhkəmə Sisteminin rəisi konstitusiyanın hansı bəndinə istinadla hər bir şeydən bir siyasi təhlil verir və konstitusiyanın icrasına mane olur?”.