Rusiya paytaxtında fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində ümumdünya müsəlman sosial şəbəkəsi olan “SalamWorld”un rusdilli versiyasının təqdimatı mərasimi keçirilib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, mərkəzin prezidenti Əbdül-Vahid Niyazov təqdimetmə mərasiminin 2 təşəbbüsə həsr olunduğunu bildirib. Bunlar, artıq nəticələri açıqlanmış sloqanlar, digəri isə bilbord dizaynları müsabiqəsidir.
Onun sözlərinə görə, plakatların qəbulu oktyabrın 22-dən noyabrın 22-dək davam edəcək. Noyabrın 30-da qaliblərin adları açıqlanacaq. Qalib-bilbordlar “SalamWorld”un hesabına Qahirənin Təhrir meydanından asılacaq.
Əbdül-Vahid Niyazovun fikrincə, bütün dünyada yaşayan müsəlmanlar müxtəlif layihələrdə daha fəal iştirak etməlidirlər. “SalamWorld” şəbəkəsi isə, bunun üçün yaxşı imkanlara yaradır.
Bildirək ki, artıq 2013-cü ilin yanvar ayında “SalamWorld” şəbəkəsindən 1,5 milyon, mart-aprel ayında isə, 10 milyonadək istifadəçi eyni zamanda istifadə edə biləcək. Tam şəkildə şəbəkənin açılışının isə, Ramazan bayramında başa tutacağı planlaşdırılır.
Layihənin rusdilli versiyası Moskva, Bakı və Almatı şəhərlərindən koordinasiya olunacaq.
“SalamWorld” layihəsinə təqdim olunmuş sloqanlar sırasından Qazaxıstan nümayəndəsi Əbdrəsil Əbdeldinovun təqdim etdiyi «Say Salam to the World» sloqanı qalib seçilib.