Aprelin 16-da Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Əhmədrza Radan kiçik ticarət mərkəzləri ittifaqının rəisləri ilə görüşündə deyib ki, yaxın günlərdə Tehrandakı özəl şirkət və firmalarda hicabsızlığa qarşı yeni polis qüvvələri fəaliyyətə başlayacaq.
"Bəsic" (hökumət tərəfdarı olan könüllülər) təşkilatı komandanının canişini höccətülislam Hüseyn Taib də jurnalistlərə açıqlamasında şəhərin müxtəlif məhəllə və məntəqələrində ictimai təhlükəsizliyi qorumaq məqsədi ilə xüsusi "Bəsic" qüvvələrinin fəaliyyət göstərəcəyini vurğulayıb.
"Media forum" saytı xəbər verir ki, Tehranın hüquq-mühafizə qüvvələrinin komandanı Ə.Radan hicabsızlığa qarşı mübarizənin və ictimai təhlükəsizlik layihəsinin yeni mərhələsinin özəl şirkət və firma ərazilərində, həmçinin internet klublarda, ümumi zallarda və restoranlarda aparılacağını deyib: "Bununla da qanunu və ictimai təhlükəsizliyi pozanların qarşısı alınacaq".
Ə. Radan hicabsızlıqla bağlı mübarizənin konkret nə vaxt başlayacağı barədə hər hansı bir məlumat verməyib.