2008-ci il aprel ayının 17-də Bakıda məktəblilər arasında İslam mədəniyyəti tarixinə aid 9-cu bilik yarışının final mərhələsi keçirilib. Xatırladaq ki, Azərbaycan Respublikası Dini Araşdarmalar Mərkəzi və Gəncliyə Yardım Fondu tərəfindən təşkil olunmuş yarışa hələ bir neçə ay bundan əvvəl start verilmişdi.
islam.az saytının verdiyi məlumata görə, iki yaş qrupu üzrə keçirilən yarışın birinci mərhələsi aprel ayının 8-də keçirilmişdi. Həmin mərhələdə 6-8-ci sinif şagirdləri iştirak edirdi. Bu mərhələ isə 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuşdu. Paytaxt məktəblərindən ümumilikdə mindən çox məktəblinin iştirak etdiyi yarışın final mərhələsinə 21 nəfər çıxa bilmişdi. 3 turdan ibarət olan final mərhələsində iştirakçılara Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərlər, İslam dini, habelə mərhum prezidentimiz Heydər Əliyevin həyatı haqqında suallar verildi.
Gərgin keçən final mərhələsinin nəticələrinə əsasən 51 saylı orta məktəbin şagirdi Qiyafət Xeyirxəbərli, 285 saylı orta məktəbin şagirdi Gülşən Xəbərli və 106 saylı orta məktəbin şagirdi Natəvan Abbasova qalib elan olundular. Sonda ilk 3 yeri tutan qaliblər təşkilatçılar tərəfindən mükafatlandırıldı.
Xatırladaq ki, 1999-cu ildən Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə keçirilməyə başlayan bu yarışa daha sonra Gəncliyə Yardım Fondu də qoşulub. Hər il ənənəvi olaraq keçirilən yarışda ildən ilə iştirakçıların sayı durmadan artır.
Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında milli-mənəvi dəyərlərimizin yayılması, milli-mədəni irsimizin ayrılmaz hissəsi olan İslam dini haqqında maarifləndirmə işlərinin aparılması və bu sahəyə diqqətin artırılmasıdır. Təşkilatçılar bununla gənclərin mənəvi dəyərlərin öyrənilməsinə təşviq olunması və bu sahəyə bütün tədris müəssisələrinin diqqətinin yönəldilməsinə nail olmaq istəyir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin mənəvi dəyərlərlə bağlı söylədiyi bu fikir həm də bu dəfəki yarışın sualları arasında idi: "Mənəvi dəyərlərimiz bizim xalqı qorudu, möhkəmləndirdi. Biz bu dəyərlərə sadiq qalacağıq".
Yarışın bundan sonra da hər il keçirilməsi nəzərdə tutulur. / www.islam.az