Qurban bayramı münasibətilə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyində xanımlar və uşaqlar üçün şənlik tədbiri təşkil edilib.
İB-dən islam.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Birliyin “Qadınlarla iş üzrə sektoru”nun koordinatoru Zülfiyyə Səfərova Qurban bayramı haqqında məlumat verərək bildirdi ki, fədakarlığın bir nümunəsi olan bu dəyərlərin paylaşılması cəmiyyətin mənəvi tərbiyəsi üçün olduqca əhəmiyyətlidir: “Bu bayram insanlar arasında yardımlaşmanı, səmimiyyəti artırmaqla bərabər, insanlarda fədakarlıq ruhunu tərbiyə edir, dünyaya aşırı bağlılıqları Allah yolunda qurban verməyi öyrədir. Qurban bayramının əsas mahiyyəti də elə budur ki, insan onu bu dünyaya zəncirləyən bağları, nəfsi, istəklərini qırmağı bacarsın və nəfs üzərində qələbəsini bayramla qeyd etsin”.
“Quran nurunda” və “Rəbbimlə söhbət” mövzusunda slaydların nümayiş olunduğu bayram tədbirində qeyd edildi ki, Qurban bayramının bir dəyər olaraq ölkəmizdə geniş halda qeyd olunması çox təqdirəlayiq haldır. Xanımlar üçün təşkil edilmiş tədbirin sonunda iştirak edən ailələrə “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Qurban bayramı münasibəti ilə hazırladığı sovqatları paylanıb.
“Mənəvi Saflığa Dəvət” Qurban bayramı münasibəti ilə uşaqlar üçün də şənlik keçirib. 30-a yaxın uşağın iştirak etdiyi şənlikdə balacalar üçün müxtəlif intellektual oyunlar, viktorinalar, yarışlar təşkil edilib. Şənlikdə uşaqlara Qurban bayramı haqqında məlumat verən təlimçilər, onların biliklərini də sınağa çəkiblər. Sonda “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin Qurban bayramı münasibətilə balacalar üçün hazırladığı hədiyyələri paylanıb.