Qafqaz Müsəmanları İdarəsinin (QMİ) “Şəbnəm” qızlar mədrəsəsində üçüncü Hafizlik mərasimi çərçivəsində tədbir keçirilib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi məlumata görə, tədbir mədrəsənin builki məzunları olan 12 nəfər qız tələbənin hafiz adı qazanması münasibətilə təşkil olunub.
Tədbirdə QMİ-nin sədr müavini Qəmər Cavadlı, idarənin İctimaiyyətlə əlaqələr və ailə məsələləri şöbəsinin aparıcı mütəxəssisi Əmanət Paşazadə, mədrəsə müəllimləri, tələbələr və valideynlər iştirak ediblər.
Mərasim mədrəsənin qız tələbələrinin ifasında “Qurani-Kərim”in tilavəti, ilahilər və şeirlərin oxunuşu ilə başlayıb.
Qəmər Cavadlı çıxışı edərək QMİ sədri Şeyxüislam Allahşükür Paşazadənin ünvanladığı xüsusi təbrikini çatdırıb.
“Şəbnəm” qızlar mədrəsəsinin fəaliyyətinə toxunan Q.Cavadlı deyib ki, mədrəsə Azərbaycanın müxtəlif yerlərindən gəlmiş qızlara milli və məzhəb ayrı-seçkiliyinə yol vermədən mükəmməl dini təhsil verməklə yanaşı, onların müstəqil həyata layiqli vətəndaş və gələcəyin ailə xanımı kimi hazırlanmasında müstəsna xidmətləri olan bir məktəbdir. Burada gözdən əlil və əmək qabiliyyəti məhdud olan qızların da təhsil alması məktəbin xeyriyyəçilik yönümünü və islami şəfqət ruhunu bir daha təsdiq edir.
Əmanət Paşazadə çıxışında Azərbaycan gəncliyinin əxlaqi ənənələrə uyğun şəkildə yetişməsində İslam dininin tərbiyəvi əhəmiyyətindən danışıb.