İstanbulda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov keçirdiyi mətbuat konfransında deyib ki, müasir dövlətlər olan Azərbaycanın və Türkiyənin İslam dininə xas olan xoş niyyət və tolerantlıq modelini bütün dünyada tanıtmaq imkanları var.
İslam.az-ın məlumatına görə, o bildirib ki, hazırda islamafobiya və Avropada multikulturalizm böhranının mövcud olduğu bir dövrdə buna çox ehtiyac var.
Türkiyəyə səfəri çərçivəsində Ankarada Türkiyə Diyanət İşləri Başkanlığında və Ankara Universitetinin İlahiyyat fakültəsində keçirdiyi görüşlərdən danışan komitə sədri söyləyib ki, səfərinin əsas məqsədi dövlət-din münasibətləri və dini təhsillə bağlı qardaş ölkənin təcrübəsi ilə yaxından tanış olmaqdır. Eyni zamanda, iki ölkənin dini qurumlarının beynəlxalq miqyasda əməkdaşlığının perspektivləri də müzakirə olunub. Azərbaycan ilə Türkiyə arasında bu sahədə səmimi dialoqun olması çox vacibdir.