İran parlamentinin hüquq komissiyası tərəfindən hazırlanan və ölkənin yeni cəza qanunlarını ehtiva edən qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hüquq komissiyasının sədri Allahyar Məlikşahi açıqlama verib. O bildirib ki, qanun İran Konstitusiya Şurası tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minəcək: “Qanun layihəsi şuraya göndərilib və sənədlərdə 50 nöqsan aşkar edilib. Odur ki, Konstitusiya Şurası layihədə göstərilən nöqsanların bir həftə ərzində aradan qaldırılması və təkrar quruma təqdim edilməsi üçün parlamentə qaytarıb. Yeni qanun layihəsində daş-qalaq hökmü çıxarılıb. Lakin bu o demək deyil ki, bu cəza daha tətbiq edilməyəcək. Dağ-qalaq İslam fiqhində var və hakim zina edən şəxsə fiqhə əsaslanaraq bu cəzanı verə bilər”.