Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya ilə, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katerin Makqineslə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov internetdə dini təbliğatların aparılması və bu istiqamətdə Azərbaycanın hansı addımlar atdığı ilə maraqlanıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini E.Vəlizadə bildirib ki, Azərbaycanda bu halların həyata keçirilməsi ölkəmizin qanunvericiliyi çərçivəsində baş verir. Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub. Bu konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün nazirliyimiz əlaqələndirici qurum funksiyasını yerinə yetirir.
A.Axmetov internetdə “Müsəlmanların məsumluğu” filminin fraqmentlərinin yayılması və bunun nəticəsi olaraq bir sıra müsəlman dövlətlərində ixtişaşların yaranmasına diqqət çəkib.
E.Vəlizadə vurğulayıb ki, sözügedən materialların internetdə yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir. Bu cür hallara qarşı sosial şəbəkələrdə, forumlarda fikirlər səsləndirilir. Karikaturaların yayılması və dini dəyərlərin aşağılanması məqbul sayıla bilməz: “Müxtəlif saytlar yayılan materiallara daha diqqətli yanaşmalıdırlar. Çünki onlara nəzarət etmək kimi imkanlar yoxdur. Hesab edirəm ki, belə hallara qarşı beynəlxalq təşkilatlar özləri addımlar ataraq qarşıdurmalara səbəb ola biləcək məsələlərin aradan qaldırılmasına çalışmalıdırlar”.