İslam partiyasının sədri: “Səhnədə olanlar kiminsə qurduğu oyunda iştirakçı idi”
“Hicab məsələsində bir problem yox idi. Uşaqlar da bu günə qədər məktəbə hicabla gedib-gəlirdi. Sadəcə, bu məsələni ortaya atdılar və dindarları hökumətə qarşı qaldırdılar. Görünən budur ki, burada qarşıdurma yaradırlar”.
İslam.az-ın verdiyi xəbərə görə, bunu "Gündəlik Teleqraf"a açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafov deyib. O, əlavə edib ki, dindarların son aksiyasına bir qədər fərqli baxırlar: “Düzdür, səhnədə olanlar dindarlar idi. Guya dindarlar əllərində ağaclarla nazirliyin qarşısına toplaşmışdılar. Amma biz bilirik ki, burada təxribatçı əli var. Buna yüz faiz əminik. Bu cür səhnələr zamanı bəlli olur ki, kimlərsə bu işdə maraqlı görünür. Kimsə istəyir ki, ölkədə çaxnaşma, qeyri-sabitlik yaratsın. Bizim məsələyə münasibətimiz bu cürdür. Bu aksiyanın İslam Partiyasına heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, biz tutulan dindarların və döyülən polislərin halına acıyırıq. Hesab edirik ki, bu hadisə baş verməməli idi. Fikrimcə, səhnədə olanlar kiminsə qurduğu oyunda iştirakçı idi və bu hadisənin qurbanı oldular. Mən zərər çəkən hər kəsi qurban hesab edirəm. Hadisəni bu həddə çatdıran şəxslər pərdənin arxasında olanlardır. Görünən budur ki, belə işlərdə kimlərsə maraqlıdır. Mən bilmirəm ki, onların məqsədi və planı nədən ibarətdir”. İslam Partiyasının sədri söyləyib ki, aksiyada iştirak edən şəxsləri tanımır: “Ümumiyyətlə, deyim ki, çəkilən kadrlara nə qədər diqqət etsəm də, heç kəsi tanıya bilmədim. Əslində isə aksiyaya gələnləri tanımamağım çox qəribə haldır. Çünki mən özüm nə qədər insanın müəllimi olmuşam, ruhaniyəm. Məclislərdə, məscidlərdə oluram. Bir sözlə, dindar kütlə arasında çox oluram. Yəni sözümün canı ondadır ki, aksiyaya çıxan şəxsləri mən ilk dəfə idi görürdüm. Bundan çox təəccübləndim. Hətta aksiyada olanların çoxunun saqqalı da yox idi. Mən özüm kadrları bir neçə dəfə izlədim. Partiyamızda da funksionerlərlə birgə bu məsələni müzakirə etdik. Düşündüm ki, mən tanımasam da, onlar kimlərisə tanıya və ya görə bilər. Amma iş ondadır ki, bu şəxsləri heç kəs tanımadı”. Qarşıdan gələn prezident seçkilərinə dair İslam Partiyasının mövqeyinə gəldikdə, Elçin Manafov deyib ki, təşkilatın seçkilərlə bağlı əsas qərarını Baş Məclis verəcək: “Mən ümumi mövqeyimizi açıqlaya bilərəm. Seçkilərin şəffaf şəkildə keçirilməsinin tərəfdarıyıq. Seçkidə iştirak etmək də istəyirik. Ancaq bizim partiyanın qeydiyyatı yoxdur. Biz ölkədə baş verən proseslərdən kənarda qala və buna laqeyd münasibət bəsləyə bilmərik. Bizim partiyanın namizədinin olub-olmadığı fərq etməz. Namizədimizin olub-olmayacağı haqda konkret qərarımız yoxdur”. İslam Partiyasının özünün mitinqlər keçirməsinə gəldikdə sədr deyib ki, əslində, etiraz etmək hər kəsin haqqıdır: “Amma onu da qeyd edirik ki, etiraz problemin həlli yolu deyil. Əlbəttə biz istərdik ki, məsələlər sivil şəkildə həll edilsin. Aksiyalarda bəzən xətasız keçinmir, kimlərsə onu onu qızışdırmaq niyyətinə də düşür. Biz sivil münasibətlərin tərəfdarıyıq”.