Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Türkiyənin Diyanət İşləri başkanı Mehmet Görməzin dəvəti ilə bu ölkəyə səfərə gedib.
DQİDK-nin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, o, səfər çərçivəsində Türkiyə Diyanət İşləri başqanı, TİKA və Diyanət Vakfı rəhbərliyi, digər dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirəcək.
Ankara və İstanbulda keçiriləcək bir sıra görüşlərdə Azərbaycan və Türkiyə arasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən qardaş ölkələrin beynəlxalq miqyasda birgə həyata keçirə biləcəyi, İslamofobiyaya və multikulturalizmi təhdidə alan tendesiyaların qarşısının alınması istiqamətində birgə fəaliyyət istiqamətləri müzakirə olunacaq.
Səfər çərçivəsində komitə sədrinin Ankara və Mərmərə universitetlərinin, İstanbul Müftülüyünün fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulub.
E.İskəndərov TÜRKPA tərəfindən təşkil olunan “Dövlətlərarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərin rolu” mövzusunda keçiriləcək Beynəlxalq Forumda “Türkdilli dövlətlərin dünyaya inteqrasiyası və dinlərarası tolerantlıq modeli” mövzusunda çıxış edəcək.