Həcc ziyarəti həyata keçirmək istəyən azərbaycanlı zəvvarların problemi hələ də həllini tapmayıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Rusiyada yaşayan 97 azərbaycanlı zəvvarın Həcc ziyarətinə getməsinə maneələr törədilir. Belə ki, 37 nəfərin səfəri sual altındadır. Digər 60 nəfərin səfərinə isə qeyri-müəyyən səbəblərdən maneə yaradılır.
Hüquqları qarşısında sədd çəkilən bir dəstə azərbaycanlı yaranmış vəziyyətə aydınlıq gətirilməsi məqsədilə Rusiyanın Avropa hissəsi müsəlmanlarının dini idarəsində görüş keçiriblər.
Etirazçıları qəbul edən idarə sədrinin birinci müavini Dəmir-həzrət Muhətdinovla görüşdə, yaranmış vəziyyətlə bağlı narazılıq çatdırılıb.
Qurum nümayəndə soydaşlarımızın problemlərini dinləsə də bunun həlli baxımından hər hansı addımın atılacağına söz verməyib.
Dindarlar bu problemin ikinci ildir baş verdiyini bildirirlər. Onların fikrincə, bu cür maneələr milli zəmində açıq ayrı-seçkiliyin əlamətidir.
Problemlə əlaqədar azərbaycanlılar Rusiya Federasiyası İctimai Palatasının qarşsında kütləvi etiraz aksiyasının keçirilməsi üçün Moskva meriyasına müraciət etmək etmək niyyətində olduqlarını bildiriblər.