Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilmiş hicab aksiyasına münasibət açıqlayıb.
Islam.az-ın verdiyi xəbərə görə, Komitənin mətbuat xidməti “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Təhsil Nazirliyinin qarşısında dini təmayüllü şüarlarla keçirilmiş aksiya dini deyil, siyasi xarakter daşıyır: “Aksiya kobud qanun pozuntuları ilə keçirildiyindən ona tam qiymətin verilməsi hüquq muhafizə orqanlarının araşdırması bitdikdən sonra mümkündür. Lakin komitənin apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, aksiyanı rəsmi dini icmalar və ya onların üzvləri təşkil etməyib, qeydiyyatdan keçmiş dini icma üzvləri bu aksiyaya qatılmayıblar. Aksiyadan sonra komitənin apardığı mütəmadi monitorinqin nəticələri, eləcə də ayrı-ayrı dini icma nümayəndələrinin aksiyaya verdiyi qiymət onu sübut edir ki, dini icmalar gündəmdə duran istənilən ictimai məsələlərlə bağlı zorakılıq və dövlətçilik prinsiplərini pozmaqla müşayiət olunan addımların əleyhinədirlər və aksiyanı pisləyiblər”.
Mətbuat xidmətinin açıqlamasında o da qeyd edilib ki, aksiyanın ölkədə təşkil olunan II Bakı Beynəlxalq Humanitar Forumu zamanı keçirilməsi təsadüfi deyil: “Ölkəyə gəlmiş xarici qonaqların diqqətini cəlb etmək, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədini də daşıya bildiyi üçün hər bir vətənpərvər Azərbaycan vətəndaşı, o cümlədən dindar üçun qəbulolunmazdır. Bu məqam aksiyanı kənar qüvvələrin istiqamətləndirdiyini də deməyə əsas verir”.
Komitə onu da qeyd edib ki, Azərbaycanda hicabdan istifadə sərbəstdir və bu cür aksiyalar dini icmaların maraqlarını əks etdirmir.