İranın Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncani ölkə prezidentliyinə namizəd olmayacağını açıqlayıb.
Islam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, eks-prezident bildirib ki, gələn ilin iyununda keçiriləcək seçkilərdə namizəd olması üçün heç bir qanuni maneə yoxdur: “Sadəcə, özümü bu vəzifə üçün hazır hiss etmirəm”.
Gənc və bacarıqlı birinin ölkə prezidenti seçilməsini istədiyini deyən Rəfsəncani təcrübələrini paylaşmağa hazır olduğunu da söyləyib. O vurğulayıb ki, iki dəfə İranın prezidenti olub və bu da kafidir: “Şərtlər tələb etdiyi və məcbur qaldığım üçün 7 il əvvəl namizəd olmuşam”.
Qeyd edək ki, İranda 2009-cu ildə keçirilmiş və Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkisindən sonra baş vermiş iğtişaşların təşkilində günahlandırılan Rəfsəncaninin oğlu və qızı həbs olunub.