Tunis hökuməti “Müsəlmanların məsumluğu” filminə etiraz aksiyası zamanı ABŞ səfirliyinə hücuma cəhd etmiş 87 nəfərin edam edilməsinə nail olmaq niyyətindədir.
Islam.az-ın “Qolos Rossii” radiosuna istinadən verdiyi xəbərə görə, həbs olunanların vəkilləri Ənuar Uled Əli və Möndər Şarni müdafiə etdikləri şəxslərin bir sıra maddələr üzrə ittiham olunduqlarının deyiblər. Onların sözlərinə görə, prokurorluq həmin şəxslərə ən ali cəzanın verilməsinə israrlıdır.
Xatırladaq ki, anti-islam xarakterli filmə etiraz edən kütlə sentyabrın 14-də ABŞ-ın Tunisdəki səfirliyinə hücum etməyə cəhd göstərib. Polis iğtişaşları yatırmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazan istifadə edib. Hadisə nəticəsində 4 nəfər ölüb, daha 49 nəfər isə, xəsarət alıb.
Bildirək ki, ABŞ-da Məhəmməd Peyğəmbər (s) barədə filmin yayımlanmasından sonra Liviya, Misir, Tunis, Sudan kimi bir sıra müsəlman ölkələrində Amerika əleyhinə etiraz dalğaları baş qaldırıb. ABŞ-ın Liviyadakı konsulluğuna edilən hücum nəticəsində səfir Kristofer Stivens və daha üç diplomatik nümayəndə qətlə yetirilib.