İran İraqın Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına yardım etməyə hazır olduğunu bildirib.
Islam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Bağdadda İraqın Milli təhlükəsizlik üzrə məsləhətçisi Faleh Əl-Fayyad ilə görüş zamanı İran müdafiə naziri, general Əhməd Vahidi bildirib. Onun sözlərinə görə, İraq hökuməti daxili ehtiyatlara arxalanan güclü orduya böyük ehtiyac duyur.
Xarici hərbi kontingentin ölkə ərazisindən çıxarılmasının İraq hökuməti və xalqı üçün böyük qələbə olduğunu vurğulayan general deyib ki, transregional dövlətlərin müdaxiləsi regionda sabitliyi pozur.
İran müdafiə nazirinin səfərini ölkə üçün mühüm hadisə kimi dəyərləndirən Faleh Əl-Fayyad gələcəkdə Bağdad və Tehran arasında çoxşaxəli münasibətlərin inkişaf edəcəyinə ümid bəslədiyini söyləyib.