Aprel ayının 7-dən 11-ə kimi Bakıda "İslam iqtisadiyyatı və İslam bankçılığının əsasları və praktikası" mövzusunda beynəlxalq seminar keçirilib. İslam.az saytının verdiyi məlumata görə, 5 gün davam edən beynəlxalq seminar Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunmuşdu.
Seminarın təşkilatçıları İslam İnkişaf Bankının nəzdində fəaliyyət göstərən İslam Tədqiqat və Təlim İnstitutu ilə Azərbaycan Dövlət İqtisad Universiteti idi. Kurs Azərbaycan (ev sahibi), Qazaxıstan, Qırğızıstan, Rusiya (Tatarıstan) və Özbəkistandan olan tədqiqatçılar, rəhbər işçilər, orta rütbəli rəsmi şəxslər, bank işçiləri, maliyyə institutları və dövlət strukturlarının əməkdaşları üçün təşkil edilib.
Kursun əsas məqsədi iştirakçıları İslam iqtisadiyyatı və İslam bankçılığının əsas konsepsiya və vasitələri ilə tanış etmək, İslam iqtisadiyyatı və İslam bankçılığı ilə ənənəvi iqtisadiyyat və bank işi arasındakı fərqi izah etmək idi.
Seminarda İslam İnkişaf Bankının nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin professorları və bank mütəxəssisləri tərəfindən İslam iqtisadiyyatı, İslam maliyyə və fiskal siyasətinin əsasları, İslam maliyyələşməsinin üsulları, İslam bankçılığı və s. mövzularda məruzələr oxunub.
Sonda seminar iştirakçılarına sertifikatlar paylanıb / islam.az