Astananın Sarıarkin rayon Məhkəməsi “Müsəlmanların məsumluğu” filmini ekstremist məzmunlu kimi tanıyıb və onun Qazaxıstan ərazisində nümayişi və yayımlanmasını qadağan edib.
Islam.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı məhkəmənin hakimi Kuanış Jaksıbergenov bildirib.
“Astana şəhər prokurorluğunun YouTube internet-resursunda yayılan “Müsəlmanların məsumluğu” videofilmini ekstremist hesab etməsi və onun Qazaxıstan ərazisinə gətirilməsi, dərc olunması və yayılmasının qadağan edilməsi barədə ərizəsi təmin olunub” – deyə, hakim Jaksıbergenov məhkəmənin qərarını oxuyub.
Qeyd edək ki, Qazaxıstan Prokurorluğu sentyabrın 21-də bu videofilmin dini ayrı-seçkiliyin alovlandırılmasına xidmət edən əlamətləri daşıdığı üçün ekstremist hesab olunması, onun Qazaxıstan ərazisinə gətirilməsi, dərc olunması və yayılmasının qadağan edilməsi barədə məhkəmə icraatına başlamışdı.
Xatırladaq ki, qalmaqallı “Müsəlmanların məsumluğu” filmi müsəlman ölkələrində kütləvi etiraz aksiyalarına səbəb olub.