İsveç məscidi minarədən azan verilməsi üçün ilkin razılıq əldə edib. Bu, Avropa ölkəsi üçün görünməmiş hadisədir.
Islam.az-ın islamrf.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Local" qəzeti məlumat yayıb.
“Biz bütün ömrümüz boyu İsveçdə yaşamışıq, vergiləri ödəyirik, nümunəvi vətəndaşıq. Biz İsveç üçün çox şey etmişik, indi isə qarşılığında nəsə qazanmaq istəyirik. İndi biz dini azadlıq tələb edirik”, - Botkirka İslam Assosiasiyasının sədri İsmayıl Okur deyib.
O, hələ yanvarda Stokholmun ətrafında yerləşən Botkirkada məsciddən müsəlmanların azan verməsinə razılıq üçün ərizə təqdim edib. Ərizəyə baxdıqdan sonra Şəhər Planlaşdırma Komitəsi müsəlmanların lehinə səs verib və 1994-cü ildən etibarən qüvvədə olan azana qadağanı ləğv edib.
Qadağanın ləğv olunması barədə qərar tam şəkildə oktybarın 25-də İcra Şurası tərəfindən qəbul olunacaq. Əgər cavab müsbət olarsa, müsəlmanlar məsciddən azan verə biləcəklər.