Bu günlərdə Oğuz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatdı.
Bu günlərdə Oğuz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatdı. Tədbirdə Azərbaycanın şimal-qərb bölgəsinin 7 rayonunu təmsil edən 100-dən çox din xadimi və dini icmaların başçıları təmsil olunurdular. İnformasiya agentlikləri, TV-lər, qəzetlər peşəkar borclarını yerinə yetirərək, baş verənləri işıqlandırdılar. Amma bu seminarın pərdəarxası, eyni zamanda kifayət qədər maraqlı məqamları var idi ki, foto və telekameraların, diktofonların diqqətindən yayındı. Məhz bu məqamlara qısaca nəzər salmağa çalışacağıq.
Əvvəla, artıq uğurla baş tutduğunu əminliklə söyləyə biləcəyimiz seminara layiqli qiymət vermək lazımdır. Bu ideyanın həyata keçirilməsi faktının özü artıq Azərbaycanın ictimai və dini həyatında bir yenilikdir. Seminar DQİDK-nin timsalında dövlət tərəfindən inanclı təbəqəyə özünəməxsus bir siqnal, təklifdir. Bununla da sözügedən sahənin dövlətin diqqət mərkəzində olması bir daha sübuta yetdi. Xüsusən də analoji treninqlərin Azərbaycanın bütün bölgələrində təşkil olunacağını nəzərə alsaq.
İkincisi, ölkənin şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların rəhbərlərinin əksəriyyəti dövlətin bu təklifinə adekvat cavab verməyə hazır deyildi. Bu azmış kimi, həmçinin bəzi dini icma rəhbərlərinin öz hüquqlarından bixəbər olduqları da üzə çıxdı. “İcmamızın nizamnaməsi ilə tanış ola bilərik?” sualını eşidən DQİDK-nin sədr müavini Gündüz İsmayılovun üzündəki təəccübü görməyə dəyərdi! Ən maraqlısı isə budur ki, G.İsmayılovun “bu nizamnamə elə sizdədir” cavabından sonra sual verən icma sədrinin üzündəki təəccüb və təlatüm heç də geri qalmırdı. Bəlkə də gülümsəmək olardı... Söhbət həssaslığı ilə seçilən din sahəsindən getməsəydi...
Üçüncüsü, təşkilatçılar Azərbaycan üçün ənənəvi islamın təbliğatına və xaricdən ölkəyə radikal cərəyanların nüfuz etməsinin qarşısının alınması məsələsinə xüsusi diqqət yetirdilər. Bunu söyləməyə treninq zamanı dinlənilən məruzələrin mövzuları da əsas verir: “Milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhu”, “Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə”, “Mötədillik: əsasları və prinsipləri”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “İslamın radikallığa münasibəti”, “Dini radikallıqla mübarizənin metodologiyası” və s. Bunu yalnız alqışlamaq olar. Önləyici tədbirlər gecikmiş güc üsullarından daha effektli olur.
Dördüncüsü, publika qarşısında Dövlət Komitəsi rəhbərinin Azərbaycan üçün tamamilə yeni, qeyri-ənənəvi bir obrazı göründü. DQİDK başçısı uzun illər formalaşan səddləri və stereotipləri darmadağın etdi. Ən maraqlısı isə, ətrafdakıların buna hazır olmaması idi. Dövlət məmurunun nüfuzu onları süstləşdirmişdimi, ya “müəllim” qarşısında farağat dayanmaq ənənəsi onlara təsir göstərdi – söyləmək çətindir. Hər halda Elşad İskəndərov çox zaman hansısa bir şikayəti və ya təklifi eşitmək üçün böyük səylər göstərmək məcbiriyyətində qalırdı.
Nəhayət, beşinci. Seminar ölkənin şimal-qərb bölgəsində dini icma rəhbərləri arasında ciddi kadr islahatı məsələsini gündəmə gətirdi. Bunu əsaslandırmaq üçün kifayət qədər dəlil göstərmək olar. Amma Gündüz İsmayılovun məruzəsindən kiçik bir nüansı diqqətə çatdırsaq, yəqin ki, yetər: “Şimal-qərb bölgəsində rəsmən 111 dini icma qeydiyyatdan keçib. Bu icma sədrlərinin yalnız 48-nin ali dini və ya dünyəvi təhsili var”. Təbii ki, diplomun mövcudluğu bir müsəlmanın digəri üzərində üstün olması anlamına gəlmir. Amma icma başçıları ilə ünsiyyət quran, gündəmdə olan müxtəlif problemləri müzakirə edən insan, istər-istəməz bu fakt üzərində dəfələrlə düşünməyə məcbur olur.
Seminar başa çatdı. Lakin məqsədyönlü və çətin proses davam edir. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi digər regionlarda keçiriləcək treninqlərə hazırlıq işləri aparırlar. Bu işdə onlara yalnız uğur diləyə bilərik.