Oğuz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq davam edir.
Komitənin mətbuat xidmətindən Islam.az-a verilən məlumata görə, seminarda çıxış edən İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərovun deyib ki, Azərbaycan tarixən yalnız ölkə hüdudlarından kənarda yaranan elmi nailiyyətlərin istifadəçisi olmayıb, özü böyük şəxsiyyətlər, alimlər yetişdirib: “Bunlara nümunə olaraq ilk rəsədxana müəllifi, elmin bir çox sahələri üzrə alim, elxanilər sülaləsinin islama gəlməsinə təsir etmiş Nəsrəddin Tusi, Aristotelin nəzəriyyəsini inkişaf etdirmiş Bəhmənyar, vəhdətül-vücud ideyasının müəllifi Miyanəci, Şimali Qafqaza və Anadolunun bir hissəsinə yayılmış sufilik cərəyanlarının əsaslarını qoymuş böyük şeyxlər və s. Göstərmək olar”.
E.Əsgərov həmçinin 20-ci əsrin əvəllində, Azərbaycan Demokratik Respublika dövründə məzhəblərarası yaxınlaşmada ölkənin ziyalı və din xadimlərinin oynadıqları əvəzsiz roldan söz açıb.
Mərkəzin rəhbəri təəssüflə bildirib ki, sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub. Nəticədə xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışırlar. Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir.