“Azərbaycanda dini ədəbiyyatla bağlı yeni təcrübə tətbiq olunur. Bununla bağlı komitə tərəfindən dini ədəbiyyatın xüsusi anketləşdirilməsi işinə başlanılıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.
O bildirib ki, dini ədəbiyyatın zərərli olmamasını təmin etmək üçün bundan sonra oxuculara verilən dini ədəbiyyat nümunələri xüsusi anketlə təqdim olunacaq: “Anketlərdə nəşr edən qurumun, müəllifin, maliyyə mənbəyinin ünvanı göstəriləcək. Bu, ədəbiyyatın şəffaflığını təmin edəcək”.
E.İsgəndərov komitənin bir ay ərzində yeni veb-saytının hazırlanacağını da söyləyib: “Burada da anket və dini ədəbiyyatla bağlı digər prosedur qaydalar yerləşdiriləcək”.
O, ölkəyə daxil olan dini ədəbiyyatın ekspertizası prosesinin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını da söyləyib.