Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambelyasının 67-ci sessiyasında iştirakı çərçivəsində pakistanlı həmkarı xanım Hina Rabbani Xar ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşıllıqlı səfərlərin intensivləşdirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hər iki ölkənin bu çərçivədə bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı həmçinin BMT-nin Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Pakistanlı həmkarını ölkəmizə səfərə dəvət etmiş və dəvət məmnunluqla qəbul olunub.