Ənənəvi cümə namazından sonra baş tuta biləcək etiraz aksiyaları öncəsi ABŞ hökuməti Liviyanın Tripoli və Benqazi şəhərlərindəki diplomatlarının evakuasiya edilməsi barədə qərar qəbul edib.
“Bu, təhlükəsizlik səbəbindən diplomatik nümayəndəlik əməkdaşlarının sayının müvəqqəti azaldılmasıdır. Gələn həftənin əvvəlində tezliklə geri qayıtmaq üçün vəziyyəti növbəti dəfə analiz edəcəyik”, - SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin bəyanatında deyilir.
Xatırladaq ki, ötən həftə cümə namazından sonra yarana biləcək mümkün iğtişaşlardan yayınmaq üçün ABŞ və bir sıra digər ölkələr müsəlman ölkələrindəki nümayəndəliklərini bağlamaq məcburiyyətində qalıblar. Ümumiyyətlə, son zamanlar müsəlman ölkələrində etiraz aksiyaları, mitinq və nümayişlərin cümə namazından sonra keçirilməsi ənənəyə çevrilib.