İspaniyanın “Hueves” həftəlik satirik jurnalı yeni sayının üz qabığında Məhəmməd Peyğəmbərin (s) karikaturasını dərc edib.
SalamNews-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat verib.
Karikaturanın konkret nə məna kəsb etdiyi dəqiqləşdirilməyib, ancaq jurnalın baş redaktoru Mayte Kiles Amerikanın “Haffington Post” qəzetinə məlumat verib ki, rəssam Peyğəmbərin karikaturasının çəkilməsinə qadağa qoyulmasına dair çağırışlara yumorla yanaşıb.
İspaniyada İslam İcmaları Birliyi jurnala qarşı məhkəmədə iddia qaldırıb. Müsəlmanların sözlərinə görə, nəşriyyatın rəhbərliyi karikaturanı dərc etməklə səhvə yol verib və “qarşısına qoyduğu insanları güldürmək məqsədinə çatmayıb”.
“Biz dini hisslərə qarşı əsassız təhqirlərlə qarşılaşmaqda davam edirik”, - Birliyin kommünikesində qeyd edilib.