Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının iclaslarında iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşüb.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, görüş təxminən 1 saat davam edib.
Görüşdə NATO, İraq, Suriya, Türkiyə-İsrail əlaqələri və Məhəmməd Peyğəmbəri (s) təhqir edən və bütün dünyada müsəlmanların narazılığına səbəb olan film də daxil olmaqla 5 mövzu müzakirə edilib.
Ə.Davudoğlu görüşdə İraqın Baş naziri Nuri əl Malikinin AKP konqresinə dəvət edildiyindən bəhs edib. Görüşdə əsasən Suriya mövzusu diqqət mərkəzində olub. Davudoğlu Türkiyədəki suriyalı qaçqınların vəziyyəti haqqında məlumat verilib. Hər iki nazir beynəlxalq ictimaiyyətin həm siyasi cəhətdən, həm də humanitar yardımlar sahəsində daha fəal olmalarının zəruriliyini vurğulayıblar.