Onlarla insan ötən həftə ərzində müsəlman ölkələrində baş verən iğtişaşların qurbanı olub.
SalamNews-un "Vesti"yə istinadla verdiyi xəbərə görə, qalmaqallı "Müsəlmanların məsumluğu" və Fransa jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturalarının dərci polislə mitinq iştirakçıları arasında toqquşmalara gətirib çıxardı. Bu gün etiraz dalğasına Nigeriya da qoşulub. Həmçinin Pakistan və Banqladeşdə, bir sıra Avropa ölkələrində də etirazlar davam edir.
Pakistanda amerikalılara döyüş meydanlarında cavab verməyə çağırışlar səslənir. Bu ölkədə artıq onlarla insan iğtişaşların qurbanına çevriliblər. Dəmiryol naziri isə vəziyyəti bir qədər də gərginləşdirib. O, şəxsi vəsaitlərindən qalmaqallı filmin müəllifinin öldürülməsi üçün mükafat təqdim edib.
Fransada hakim dairələr ciddi təhlükəsizlik tədbirləri görüblər. Polis qüvvətləndirilib, nümayişlərə isə qadağa qoyulub.
İsveçrə, Avstriya və Almaniyada da etiraz aksiyaları davam edir.