Türkiyədə “Balyoz” adlı hərbi çevriliş planı hazırlayaraq hökuməti devirmək cəhdində günahlandırılan şəxslərlə bağlı məhkəmə tərəfindən qəbul edilən qərarlar Ali Məhkəmə tərəfindən təsdiqlənsə, həbsinə qərar verilən bütün generalların rütbəsi əllərindən alınacaq.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, İstanbul 10-cu ağır cinayətlər üzrə məhkəmənin qərarları Ali Məhkəmə tərəfindən ratifikasiya edilsə həbsinə qərar verilən təqaüdçü və vəzifəli TSQ personalı sıravi əsgər statusuna endiriləcək. Təqaüdçü generalların medal və nişanları geri alınacaq. Vəzifə icra edənlər siravi əsgər statusuna endiriləcək, maaşları ödənməyəcək. 20 il həbs cəzasına məhkum edilən 1-ci ordunun sabiq komandanı, ordu generalı Çətin Doğan, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, ordu admiralı Özdən Örnəkin medal və nişanları TSQ-nə geri qaytarılacaq.