ABŞ-da islam əleyhinə çəkilmiş filmə qarşı Pakistanda “Peyğəmbərə sevgi günü” adı altında keçirilən aksiya zamanı kütləvi çıxışlarla bərabər polislərlə toqquşmalar baş verib, iki kinoteatr yandırılıb.
SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə cümə günü yerli telekanallar məlumat yayıblar.
Aksiya zamanı müxtəlif partiya və hərəkatlar ABŞ-da çəkilmiş “Müsəlmanların məsumluğu” adlı filmə qarşı etiraz yürüşünə çıxıblar.
Ölkənin şimal-qərbində yerləşən Peşavar şəhərində nümayişçilər iki kinoteatrı dağıdaraq yandırıblar və mühafizəçilərlə toqquşma yaradıblar.
Mühafizəçilərdən biri nümayişçilərə atəş açıb. Ən az bir nümayişçi yaralanıb. Toqquşmalar həmçinin ölkənin digər şəhərlərində də baş verir.
Hökumət bütün dini və siyasi partiyaları dinc etiraz aksiyaları keçirməyə çağırıb. İslamabad, Karaçi, Muzaffarabad, Multan, Ravalpindi və digər şəhərlərə təhlükəsizlik tədbirləri gücləndirilib. "DownNews" telekanalının verdiyi məlumata əsasən, Karaçidə hərbi vertolyotlar hazır vəziyyətdədir. Bütün ölkə ərazisində bazar və dükanlar, şəhərlərdəki bir çox yanacaqdoldurma məntəqələri bağlanıb, ictimai nəqliyyat vasitələri işləmir.
Paytaxt İslamabadda ABŞ və digər xarici ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi ərazi qoşunlar tərəfindən əhatəyə alınıb.