Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni saytının yaradılması ilə bağlı təkliflərin qəbulu və loqo seçimi üçün müsabiqə elanı məqsədi ilə mətbuat konfransı keçirilib.
Islam.az-ın verdiyi xəbərə görə, tədbirdə Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli bildirib ki, Azərbaycanda ilk dəfə olaraq dövlət qurumu öz loqo müsabiqəsini keçirtmək üçün qeyri-hökumət təşkilatı ilə birgə əməkdaşlıq edir. Belə ki, Dövlət Komitəsinin loqo müsabiqəsinin təşkili Müasir İnkişaf İctimai Birliyinə həvalə olunub.
Loqonun konsepsiyası barədə məlumat verən İB sədri Mübariz Göyüşlü qeyd edib ki, loqo Azərbaycanda müxtəlif dinlərin mövcudluğunu, onların təmsilçilərinin dinc, birgə yaşayışını, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin tolerantlıq modelini tərənnüm etməli, dünyada nümunə ola biləcək şəkildə tanıtmalı və təbliğ etməlidir. Bununla yanaşı, loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi məqamlar da öz əksini tapmalıdır. Müsabiqədə 35 yaşa qədər yaradıcı və fəal gənclər iştirak edə bilər. O da qeyd edilib ki, loqonun eskizi A4 formatda kağızda və CD disk şəkilində təqdim edilməlidir. Müsabiqənin qalibi 500 manat və Dövlət Komitəsinin diplomu ilə mükafatlandırılacaq. Müsabiqə cari ilin oktyabrın 5-dək keçiriləcək.
Dövlət Komitəsi həmçinin yeni rəsmi saytının hazırlanması ilə bağlı açıqlama verib. O.Əli bildirib ki, dini icmaların mətbuat və ictimaiyyətin ehtiyac duyulduğu məlumatları daha asan və dəqiq şəkildə tapması üçün Dövlət Komitəsi yeni rəsmi saytının hazırlanmasına qərar verib. O.Əli onu da qeyd edib ki, dini icmalar, ictimaiyyət nümayəndələri və jurnalistlər yeni saytın hazırlanması ilə bağlı fikir və təkliflərini irəli sürə bilərlər: “Saytda ölkənin müxtəlif yerlərində mövcud olan dini icmaların elektron xəritələri də yaradılacaq. Həmçinin vətəndaşların Komitəyə vətəndaşların bir başa müraciəti də təmin olunacaq. Onlar Komitənin sədri ilə də vətəndaşlar bir başa əlaqə saxlaya biləcəklər. Saytın təqdimat mərasimi Komitənin sədri Elşad İskəndərovun iştirakı ilə oktyabrda keçiriləcək”.
Qeyd edək ki, Dövlət Komitəsinin artıq facebook və Twitter səhifələri də yaradılıb.