“Müsəlmanların günahsızlığı” filmində kiçik rol oynayan aktrisa Sindi Li Qarsia çərşənbə günü Los-Anceles Ali Məhkəməsində “Youtube” portalına və təxribatçı videonun prodyuseri Nakula Basseli Nakulaya qarşı iddia qaldıraraq ona vurulan mənəvi ziyanın kompensasiya olunmasını və internet şəbəkəsində videonun yayılmasına qadağa qoyulmasını tələb edib.
SalamNews-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, iddia ərizəsində xüsusi ilə qeyd olunub ki, “hazırki görüntülərlə bu video rolik onun və yaxınlarının həyatı üçün təhlükə yaradır”. Bundan əlavə, aktrisa bildirib ki, fırldaqçıların qurbanı olub və güclü stress keçirib.
Vəkil Kris Armenta məlumat verib ki, zərərçəkən videonun İnternetdən çıxarılmasına nail olmaq niyyətindədir. Onun sözlərinə görə, prodyuser Nakula Besseli Nakula aktyorları əmin edib ki, onlar “Döyüşçünün səhrası” adlı macəra filmində iştirak edirlər. Söhbət qədim misirlilərin tarixindən gedirdi, din haqqında heç bir söz deyilməmişdi.
Təhqiramiz və qəbul olunmaz varianta montaj olunan 14 dəqiqəlik filmin yayılması nəticəsində Qarsia nəvələrini görmək imkanından məhrum edilib. Bundan əlavə, o, “ətraf mühit üçün təhlükə yaratdığına görə” işdən azad edilib. “Mən öz təmiz adımı qaytarmaq və hər kəsə filmin ideyası ilə qəti razı olmadığımı bildirmək üçün videonun silinməsinə nail olacam”,- Sindi Li Qarsia bildirib.