NOR-ASALA (Yeni Asala) terror təşkilatı Azərbaycanın bir neçə xarici diplomatik nümayəndəliyinə növbəti təhdid dolu məktub göndərib.
SalamNews xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu məsələ ilə bağlı açıqlama verib.
O deyib ki, türk dilində göndərilən məktubda 11-ə yaxın məqsəd göstərilib, Azərbaycan və Türkiyə vətəndaşları, o cümlədən Ramil Səfərov hədəfə alınıb. Məktub Loris Martikyan adı ilə elektron poçt vasitəsilə ötən gün göndərilib və Azərbaycan terrorla hədələnib.
E.Abdullayev vurğulayıb ki, Azərbaycana qarşı erməni terrorları keçmişdə olub və indiki terror təhdidlərinin təkrarlanması beynəlxalq ictimaiyyətə meydan oxumaqdır. Dünya ictimaiyyəti buna biganə qalmamalıdır. Çünki Azərbaycan terrora qarşı mübarizə aparan fəal ölkələrdən biridir. Azərbaycan tərəfi diplomatik nümayəndəliklərin təhlükəsizliyini gücləndirəcək. Bununla bağlı Azərbaycan terrorla mübarizəyə üstünlük verir. Terror təhdidləri cəzasız və beynəlxalq ictimaiyyət tərəfindən qınaqsız qalmamalıdır.
Onun sözlərinə görə, səfirliyimiz yerləşən ölkələr ilə danışıqlar aparılacaq. Əgər erməni tərəfi terrora üstünlük verirsə, Azərbaycan terrorla mübarizəyə üstünlük verir.
Bundan başqa, NOR-ASALA da beynəlxalq kütləvi informasiya vasitələrinə, o cümlədən “Guardian”a məktub göndərərək, onları terrorla hədələyib. Məktublarda Azərbaycanın diplomatik missiyasına, səfirlik əməkdaşlarına qarşı birbaşa təhdidlər yer alıb.