Aprelin 7-də Qubanın Rustov kəndində bərpa olunan məscidin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, məscid 1902-ci kərpicdən tikilmiş yerli əhəmiyyətli abidədir.
Məscid Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbərpa" Elmi-Tədqiqat İnstitutu tərəfindən bərpa olunub.
İ. Hümbətov bildirib ki, məsciddə bərpa işləri Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqustunda verdiyi qərara əsasən aparılıb. Mətbuat katibinin sözlərinə görə, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Qubada olan Günbəzli hamamın və I Nügədidəki məscidin bərpası da nəzərdə tutulur.
Qeyd edək ki, Qubada ümumilikdə 162 məscid qeydiyyatdadır. Məscidlərdən 1-i dünya, 44-ü ölkə, 117-si isə yerli əhəmiyyətli abidədir.