Misir regiona topladığı ağır hərbi texnikanı Sinay yarımadasından çıxarır. SalamNews-un “FarsNews”a istinadən verdiyi xəbərə görə, bu bərədə Misirin təhlükəsizlik xidmətindəki mənbə bildirib.
“Sinay yarımadasının mərkəzində yerləşən 20 tank Süveyş kanalı istiqamətində dislokasiya olunub. Tankların əvəzinə bölgəyə 20 ağır hərbi texnika gətirilib”, - mənbə deyib. Xatırladaq ki, bir ay öncə Rəfah Nəzarət-Buraxılış Məntəqəsinə həyata keçirilmiş hücum nəticəsində 16 Misir sərhədçisi ölüb, daha 7 nəfər isə, yaralanıb.
Avqustun 21-də isə, İsrail tərəfi Misirdən Sinay yarımadasındakı tankları çıxarmağı tələb edib. Rəsmi Təl-Əviv bunu iki ölkə arasında mövcud sülh razılaşmasının pozulması ilə izah edib.
Bu xəbər rəsmi Qahirəyə Ağ Ev vasitəsilə ötürülüb. ABŞ-ın Misirə hər il 1,3 milyard dollar həcmində yardım göstərməsi bu ölkəyə təsir imkanlarını artırır.
Bundan başqa, İsrail Misirin Sinay yarımadasında hərbi iştirakını artırmasına da etiraz edib.
Bildirək ki, Misir ilk dəfə olaraq, 1973-cü ildə Sinay yarımadasında təyyarə və tanklardan istifadə etməyə çalışıb. Ərazidə anti-terror aktları keçirmək planı Misirin yeni təyin olunmuş müdafiə naziri general Əbdel Fəttah əs-Sisi tərəfindən hazırlanıb.
Bundan əlavə, Misir Prezidenti Məhəmməd Mursi 1979-cu ildə İsraillə imzalanmış Kemp-Devid razılaşmasına dəyişikliklər edilməsi imkanlarını nəzərdən keçirir. Prezidentin hüquqi məsələlər üzrə müşaviri Məhəmməd Qadallının sözlərinə görə, bu məsələ Məhəmməd Mursinin “Sinay yarımadasının hər qarışı üzərində” ölkənin suverenliyini təmin etmək istəyindən irəli gəlir.
Xatırladaq ki, 1979-cu ildə imzalanmış razılaşmaya əsasən, Sinay yarımadası hərbiləşdirilməmiş zona kimi qalmalıdır. Razılaşma həmçinin, Misir tərəfinin ərazidə ağır artilleriya və qırıcılardan istifadə etməsini məhdudlaşdırır.