İran əsilli Hollandiya vətəndaşı, 23 yaşlı Ehsan Cami Məhəmməd peyğəmbər barədə çəkdiyi satirik cizgi filminin nümayiş etdirilməsindən vaz keçib. 9 yaşındaykən ailəsi ilə birlikdə İranın Məşhəd şəhərindən Hollandiyaya köçmüş E.Cami ötən həftə jurnalistlərə açıqlamasında demişdi ki, aprelin 20-də islam peyğəmbərinin Ayişə ilə zifaf gecəsi barədə çəkdiyi cizgi filmini nümayiş etdirəcək.
E.Cami Hollandiya ədliyyə nazirinin tövsiyəsindən sonra qərarını dəyişib. Ədliyyə naziri ona deyib ki, cizgi filminin nümayiş etdirilməsi cəmiyyətdə böyük çaxnaşmaya səbəb ola bilər.
Bəzi məlumatlara görə, E.Cami ötən həftə cizgi filmini nümayiş etdirəcəyini bildirdikdən sonra həm Hollandiyanın özündən, həm də xarici ölkələrdən bir neçə anonim xəbərdarlıq alaraq ölümlə hədələnib.