Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasında Türkiyəyə müvəqqəti sığınan suriyalı qaçqınların vəziyyəti ilə bağlı məlumat verəcək.
SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri Fransanın dəvəti ilə Nyu-Yorka yola düşən Ə.Davudoğlu Türkiyədə müvəqqəti sığınan qaçqınlarının sayı 100 mini aşarsa, Suriya sərhədləri daxilində qaçqınlar üçün təhlükəsiz bölgənin yaradılması ilə bağlı fikirlərini konfransda paylaşacaq.
Suriyaya qonşu İraq, Livan və İordaniya xarici işlər nazirlərinin də qatıldığı konfrans Suriyadakı vəziyyət və gərginliyin mülki şəxslərə mənfi təsirinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və edilən yardımların artırılması məqsədi daşıyır.