Fransanın xarici işlər naziri Loran Fabius Türkiyədə həmkarı Əhməd Davudoğlu ilə Suriyadakı vəziyyətlə əlaqədar danışıqlar aparıb.
SalamNews xəbər verir ki, Türkiyənin Kilis bölgəsində Suriya qaçqınlarının düşərgələrini ziyarət edən L.Fabius Ankarada Ə.Davudoğlu ilə keçirdiyi mətbuat konfransında bölgədə baş verən humanitar fəlakətin qarşısının alınması üçün ölkəsinin bütün səyləri artıracağını bildirilib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının sədri kimi, Fransa bu məsələni avqustun 30-da Parisdə keçiriləcək xarici işlər nazirləri toplantısının gündəliyinə daxil edəcək.
Fransız nazir bu toplantıda qaçqınlara sığınacaq vermiş Türkiyə və İordaniya üçün yardımların da müzakirə olunacağını söyləyib.
Ə.Davudoğlu isə, beynəlxalq icmanın Suriyada davam edən qətliamlara səssiz qalmasını tənqid edib. Türkiyəli nazir vurğulayıb ki, onun ölkəsinə gələn qaçqınların sayı getdikcə artır və Ankara bu məqsədlə 300 milyon dollar vəsait ayırıb. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin yardımları bununla müqayisədə cüzidir.